Qoruqların inkişaf perspektivləri müzakirə olunub
Şabran şəhəri Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqlarının illik hesabatına və “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın icrası çərçivəsində inkişaf perspektivlərinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva çıxış edərək tarix-mədəniyyət qoruqlarının idarə olunması, təbliği və inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, hazırda Dövlət Xidmətinin tabeliyində 13 tarix-mədəniyyət qoruğu fəaliyyət göstərir və onların 9-u arxeoloji qoruqlardır. Qeyd olunub ki, bu qoruqlar xalqımızın zəngin tarixinin, mədəni kimliyinin və milli yaddaşının qorunmasında mühüm rol oynamaqla yanaşı, maarifləndirmə və ziyarətçilərin cəlb edilməsi baxımından da böyük əhəmiyyət daşıyır.
Çıxış zamanı qoruqlarda innovativ texnologiyaların tətbiqi, elmi-tədqiqat və təbliğat işlərinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin vacibliyi vurğulanıb.
Tədbir çərçivəsində tarix-mədəniyyət qoruqlarının 2025-ci ilin yekunlarına dair hesabatlar dinlənilib, gələcək inkişaf perspektivlərini əks etdirən təqdimat nümayiş etdirilib. Rəqəmsal və innovativ həllərin tətbiqi ilə abidələrin mühafizəsinin gücləndirilməsi, qoruqların idarə olunmasının təkmilləşdirilməsi, infrastrukturun inkişafı, mədəni xidmətlərin keyfiyyətinin artırılması və inklüzivliyin təmin edilməsi sahəsində mövcud çətinliklərin aradan qaldırılması istiqamətində atılacaq addımlar diqqətə çatdırılıb.
Sonda qoruqların fəaliyyəti, əldə olunan nailiyyətlər və qarşıya qoyulan hədəflərə çatmaq üçün görüləcək tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.
































