Akademiyanın RH Binası

Abidənin adı:

"Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binası (“İsmailiyyə” binası)"

Abidənin ünvanı:

AZ1001, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 10

Abidənin əhəmiyyət dərəcəsi:

Ölkə əhəmiyyətli memarlıq abidəsi

İnventar:

147 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 40.220631

Y-koordinat: 49.500185

Abidənin tikinti tarixi:

Əsr: XX əsr

Tikinti ili: 1908-1913-cü illər

Abidənin istifadəsi:

Mədəni maarif müəssisəsi kimi istifadə olunur


Abidəyə dair tarixi məlumatlar:
İlk neft bumunun yaşandığı dövrdə Bakıda milyonçuların vəsaiti ilə dəbdəbəli binalar tikilirdi. Bunlardan biri də neft milyonçusu Ağa Musa Nağıyevin tikdirdiyi, hazırda AMEA Rəyasət Heyətinin yerləşdiyi “İsmailiyyə” binasıdır. Keçmiş Nikolayev, sovet dövründə Kommunist, indiki İstiqlaliyyət küçəsində yerləşən binanın layihə müəllifi İ.Ploşkodur.

1905-ci ildə Müsəlman Xeyriyyə Cəmiyyətinin sədri Hacı Zeynalabdin Tağıyev Bakı Şəhər Dumasına rəsmi məktubla müraciət edərək cəmiyyət üçün qərargaha ehtiyac olduğunu bildirir. Duma 1 dekabr 1905-ci ildə keçirilən iclasında Xeyriyyə Cəmiyyətinin ərizəsinə baxır və müsbət qərar çıxarır. Lakin ayrılmış torpaq sahəsində bina tikmək məsələsi bir qədər ləngiyir. Bakı milyonçuları Novruz bayramı münasibətilə təşkil olunmuş ziyafətlərin birində Ağa Musa Nağıyevə təklif edirlər ki, oğlunun xatirəsini əbədiləşdirmək üçün Müsəlman Xeyriyyə Cəmiyyətinə bina tikdirsin. Bundan sonra Nağıyev polşalı memar İ.Ploşkoya müvafiq tapşırıq verir. O, Venesiya saraylarının üslubunda işlədiyi layihəsini Nağıyevə göstərir və layihə bəyənilir. 1908-ci il dekabrın 21-də binanın tikintisinə başlanılır və 1913-cü il 7 aprel tarixində başa çatır. Milyonçu vaxtsız vəfat edən oğlu İsmayılın şərəfinə Venesiya qotikası üslubunda tikilən sarayı “İsmailiyyə” adlandırır.

1918-ci ilin martında Bakıda dinc əhaliyə qarşı soyqırımı həyata keçirən erməni silahlı dəstələri eyni zamanda şəhərdəki əzəmətli binalara da ziyan vurururlar. Düşmən “İsmailiyyə” binasını da əvvəlcə qarət edir, topla dağıdır və sonra yandırır.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra “İsmailiyyə” sarayının yararsız olması səbəb gətirilərək sökülməsinə qərar verilir. Lakin yerli əhalinin etirazları ilə 1923-cü ildə binanın bərpasına başlanılır. Sarayın ümumi plan layihəsi olduğu kimi saxlanılsa da, fasadında bəzi dəyişikliklər edilir, Quran ayələri və hədislərin yer aldığı medalyonlarda beşguşəli qızılı ulduzlar yerləşdirilir. 2006-cı ildə binada növbəti təmir və yenidənqurma işləri həyata keçirilib.

Bir müddət “Türk Mədəniyyət Sarayı” adlandırılan bina müxtəlif təşkilatların istifadəsində olub. 1945-ci ildən isə Azərbaycan SSR Elmlər Akademiyası yerləşib və hazırda AMEA Rəyasət Heyəti burada fəaliyyət göstərir.