Azneftin binası

Abidənin adı:

Azərbaycan Dövlət Neft Şirkətinin inzibati binası

Abidənin ünvanı:

AZ1000, Bakı şəhəri, Səbail rayonu, Niyazi küçəsi 1

Abidənin əhəmiyyət dərəcəsi:

Ölkə əhəmiyyətli memarlıq abidəsi

İnventar:

152 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 40.214392

Y-koordinat: 49.500464

Abidənin tikinti tarixi:

Əsr: XIX əsr

Tikinti ili: 1893-1896-cı illər

Abidənin istifadəsi:

İnzibati bina kimi istifadə olunur

Abidəyə dair tarixi məlumatlar: Azərbaycan Dövlət Neft Şirkətinin inzibati binası paytaxt Bakının maraqlı memarlıq nümunələrindəndir. Binanın layihəsi 1893-cü il may ayının 25-də təsdiq olunub, ayın sonlarında isə tikintiyə başlanılıb. İnşaat işləri 1896-cı ildə başa çatdırılıb.

Fransanın intibah üslubunda inşa edilən fasad sahilin qərb tərəfinə baxırdı. Üzü “Azneft” meydanına tərəf tikilən bina şəhərin layihələndirmə strukturunda çox mühüm əhəmiyyət daşıyırdı. Binanın daxili dəhliz boyu yerləşdirilmiş otaqlarında şüşəbəndlər həyətə açılırdı.

Mənbələrdə binanın tanınmış milyonçu Mir Tağı Babayevə məxsus olduğu bildirilir. Qeyd edilir ki, M.T. Babayevin ilkin peşəsi heç də neft sahəsi ilə bağlı deyildi. O, xalq musiqisinin, xüsusilə muğamın vurğunu olan çox istedadlı və tanınmış xanəndə idi. Onun taleyi bir gecənin içində dəyişir. Belə ki, həmin gün Mir Tağı tanınmış ailələrdən birinin toy məclisində oxumalı imiş. Onun sənətinin pərəstişkarı olan bəyin qohumlarından biri xanəndəyə torpaq sahəsi hədiyyə edir. Bundan sonra Mir Tağının neft sahəsində karyerası başlanır. 1912-ci ildə o, neftlə zəngin 3 böyük sahə alır və neft hasilatına başlayır.

M.T. Babayev bu möhtəşəm binanı da neft gəlirləri hesabına alır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolşeviklər onun bütün mülklərini müsadirə edir. M.T. Babayevin özü isə Fransaya mühacirət etməli olur.

Sovet hakimiyyəti illərində bina "Azneft"in sərəncamına verilib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə burada Dövlət Neft Şirkətinin aparatı yerləşdirilib.

Ölkə əhəmiyyətli memarlıq abidəsi olan binanın sahəsi bütün perimetri boyunca iki yaruslu otaqlar sırası ilə tikilib. Xarici çevrə boyu bina künc hissələrdə, planda xüsusi olaraq nəzərə çarpdırılmış, həcmin mükəmməl düzülüşünü müəyyən etmiş üçüzlü forma əldə edir. Fasadın zəngin plastikası, memarlıq detallarının forması, daşın işlənməsinin fərdi xüsusiyyətə malik olması, mükəmməl səviyyəyə çatdırılmış tikinti mədəniyyəti binanın obrazında vacib estetik mühiti formalaşdırıb. İstifadəsinə və həllinə görə otaqların interyeri əsas fasadın eksteryerindən geri qalmır. Son illərdə binada təmir-bərpa işləri aparılıb.