Azərbaycan Memarlar İttifaqı
Abidənin adı: | Azərbaycan Memarlar İttifaqının binası |
Abidənin ünvanı: | AZ1001, Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 24 |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 172 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat: 40.371858 Y-koordinat: 49.830897
|
Abidənin tikinti tarixi: | Əsr: XIX əsr Tikinti ili: 1899-cu il
|
Abidənin istifadəsi: | Mədəni maarif müəssisəsi kimi istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Paytaxt Bakıda şəhərin hüsnünə özünəməxsus memarlığı ilə yeni çalarlar bəxş edən bir ünvan var: “Ağabala Quliyevin evi” kimi də məşhur olan Azərbaycan Memarlar İttifaqının binası.
XIX əsrin sonlarında Bakının mərkəzində Avropa memarlığının müxtəlif çalarları ilə stilistik istiqamət meydana gəlmişdi. Avropadan dəvət olunmuş memarlar layihələrində əsasən eklektika və modern üslubundan istifadə etsələr də, bir sıra hallarda milli və romantik istiqamətdə də binalar tikirdilər.
Bu dövrdə yalnız Bakıda deyil, İran, Şimali Qafqaz və Rusiyada da dəyirmanları olan, tez-tez Qərbi Avropa ölkələrinə səyahət edən Ağabala Quliyev özünə məxsus torpaq sahəsində yerli memarlığın milli ənənələrində ev inşa etdirməyi qərara alır. Zamanında həm də “un kralı” adlandırılan sahibkar İçərişəhər ərazisində də milli üslubda tikilmiş bir neçə mülkə sahib idi. O, şəhər tikililərində istifadə olunan Avropa stilistikasına qarşı etirazını bildirərək polyak əsilli şamaxılı memar Yevgeni Skibinskini dəvət edib yeni evinin layihəsini sifariş verir.
A. Quliyev o vaxta qədər Avropa ölkələrinə səyahət edərək müxtəlif şəhərlərin görkəmli tikililəri ilə tanış olmuşdu. Buna baxmayaraq, qərara gəlmişdi ki, evini milli-romantik ruhda tikdirsin. Memardan Şirvanşahlar sarayının, Yaxın Şərq və ərəb memarlığından istifadə etməyi xahiş etmişdi. Y. Skibinski isə sifarişçinin istəyinə hörmətlə yanaşmış, binanın layihəsini qısa müddətdə işləyib hazırlamışdı. Yeni yaşayış evi Şirvanşahlar sarayı memarlığının bilavasitə təsiri altında tikilmişdi. Çünki bu qədim memarlıq kompleksinin yaxında yerləşirdi. Mühəndis evin planını sadə həll edərək bütün bəzəkləri fasadlarda və interyerlərdə üzə vermişdi. İnteryerin rəsmlərini işləmək üçün Rusiyadan rəssam Vladimir Durov dəvət olunmuşdu. O, sifarişçinin zövqünü nəzərə alaraq divarlarda Şərq mövzusunda pannolar əks etmişdi.
Sovet dövründə müxtəlif idarələrin fəaliyyət göstərməsinə baxmayaraq, binanın ilkin görkəmi dəyişilməyib, hətta divar dolabları saxlanılıb. 1976-cı ilə kimi binada “Şirvanşahlar sarayı kompleksi” qoruğunun müdiriyyəti fəaliyyət göstərib. Həmin ildən bu günədək Azərbaycan Memarlar İttifaqı burada yerləşir.
Binada bir neçə dəfə bərpa və təmir işləri aparılıb. Təmir işləri ancaq yeniləşdirmə və təmizləmədən ibarət olub. Sonuncu dəfə 2018-ci ildə Memarlar İttifaqı üzvlərinin nəzarəti ilə fasadların təmizlənməsi, birinci mərtəbədə döşəmələrin üzlənməsi həyata keçirilib.