Azərbaycan Tarix muzeyi

Abidənin adı:

Azərbaycan Tarix muzeyinin binası (H.Z. Tağıyevin evi)

Abidənin ünvanı:

AZ1000, Bakı şəhəri, H.Z. Tağıyev küçəsi 4

Abidənin əhəmiyyət dərəcəsi:

Ölkə əhəmiyyətli memarlıq abidəsi

İnventar:

166 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 40.369423

Y-koordinat: 49.840103

Abidənin tikinti tarixi:

Əsr: XIX əsr axırları XX əsrin əvvəli

Tikinti ili: 1895-1901-cı illər

Abidənin istifadəsi:

Mədəniyyət müəssisəsi kimi istifadə olunur

Abidəyə dair tarixi məlumatlar: Bakının möhtəşəm memarlığı ilə seçilən tikililərindən biri də milli mesenat Hacı Zeynalabdin Tağıyevin evi – AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin binasıdır.

H.Z.Tağıyev XIX əsrin sonu – XX əsrin əvvəllərində neft dalğası ilə yüksələn Azərbaycanın tanınmış və hörmətli neft milyonçularından biri idi. O özünə mülk tikdirmək qərarına gəlir və binanın layihəsini Y.V. Qoslavskiyə həvalə edir.

Zəngin planlaşdırma strukturuna malik bu əzəmətli saray (H.Z.Tağıyev küçəsi 4) hər dörd fasadı və günbəzləri ilə diqqəti cəlb edirdi. Sarayın tikintisi zamanı müxtəlif memarlıq üslublarından istifadə olunmuşdu. Tağıyev bu imarəti həyat yoldaşı Sona xanıma hədiyyə etmişdi.

Binanın tamamlama işləri üçün işlədilən avadanlıq, mebel, çilçıraqlar və interyer üçün lazım olan hər şey Rusiyadan və Qərbi Avropadan gətirilmişdi. Evdə istilədici və soyuducu sistemlər quraşdırılmışdı. Tavanın naxışlarına 40 min rubladək qızıl işlənmişdir.

Hissə ilə tikilən binanın frontonunda həkk olunmuş illərə baxılarsa, tikinti işləri 1895-ci ildə başlayıb 1901-ci ildə yekunlaşdırılmışdı. Bəzi mənbələrə görə, binanın birinci hissəsinin tikintisi başa çatdıqdan sonra Voljko-Kamski bankına verilmiş, 1914-cü ildən isə sarayda H.Z.Tağıyevin başçılıq etdiyi Bakı Tacir bankı da burada yerləşmişdir.

Ölkəmiz sovetləşdiriləndən sonra hökumət H.Z.Tağıyevin bütün şəxsi mülkünü müsadirə edir. N. Nərimanovun göstərişi ilə ona yaşayış yeri seçmək hüququ verilir. Tağıyev Mərdəkandakı evini seçir və ömrünün sonuna qədər orada yaşayır.

Tağıyevin yaşayış mülkündə yerləşdirilmiş muzey 1920-ci il oktyabrın 25-dən “Azərbaycan SSR Dövlət Muzeyi” adı ilə işləməyə başlayır, 1921-ci ilin may ayından isə ilk ziyarətçilərini qəbul edir.

1941–1954-cü illərdə Tarix Muzeyi Şirvanşahlar sarayına köçürülür və binada Azərbaycan SSR Xalq Komissarları Soveti yerləşdirilir. 1954-cü ildə binanın ikinci mərtəbəsi yenidən Tarix Muzeyinə qaytarılır. Birinci mərtəbədə isə texniki və tibbi sənədlər arxivi yerləşdirilir. Yalnız 2000-ci ildə Tağıyevin mülkü bütövlükdə Azərbaycan Tarixi Muzeyinin ixtiyarına verilir. 2005-ci ildə isə muzey “milli” statusu fəaliyyətini davam etdirir.

2004-2007-ci illərdəki yenidənqurma işlərindən sonra muzeydə yeni ekspozisiya yaradılıb və ilk dəfə olaraq Tağıyevin xatirə muzeyi açılıb. Xatirə muzeyinə daxil olan otaqların, əşyaların, mebelin bərpası ilə məşğul olan Azərbaycan və İtaliya mütəxəssisləri milyonçunun ailəvi fotoalbomu əsasında otaqların əvvəlki görkəmini bərpa etməyə nail olub. Binada 2008-ci ildə əsaslı təmir-bərpa işləri aparılıb.