Bakı ŞİH Binası

Abidənin adı:

Bakı şəhər İcra Hakimiyyətinin binası

Abidənin ünvanı:

AZ1001, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 18

Abidənin əhəmiyyət dərəcəsi:

Ölkə əhəmiyyətli memarlıq abidəsi

İnventar:

144 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 40.366839

Y-koordinat: 49.831636

Abidənin tikinti tarixi:

Əsr: XX əsr

Tikinti ili: 1900-1912-ci illər

Abidənin istifadəsi:

İlkin təyinatı üzrə istifadə olunur


Abidəyə dair tarixi məlumatlar:
Bakı Şəhər İcra Hakimiyyətinin binası İçərişəhərin qala divarlarının ən hündür nöqtəsinə yaxın yerdə inşa edilib.

1898-ci ildə mülki mühəndis K.Skureviç tərəfindən binanın detallı eskiz layihəsi hazırlanır. Həmin il komissiya layihənin plan, fasad və smetasının hazırlanmasını İ.Qoslavskiyə tapşırır.

Dumanın tələbi ilə İ.Qoslavski layihəni yarımzirzəmi mərtəbədən və ikimərtəbəli olaraq işləyib hazırlamalı idi. Dumanın üzvü Hacı Zeynalabdin Tağıyev məsələyə geniş baxaraq üçmərtəbəli, yan fligelli layihələndirilməsini təklif edib. Onun təklifi nəzərə alınıb və 18 may 1900-cü ildə binanın təməli qoyulub. Barokko üslubunda tikilən binanın üzlənməsində və fasadlara gözəl bədii xarakter verən yerli əhəngdaşıdan və kərpicdən istifadə olunub.

15 yanvar 1904-cü ildə - İ.Qoslavskinin ölümündən sonra, binanın tikintisinə rəhbərlik K.Skureviçə həvalə olunur. Binanın tamamlanmış işlərini qəbul edən tikinti komissiyasının fəaliyyətinin zəifləməsi prosesin dayanması ilə nəticələnir. K.Skureviçi sonradan “İsmailiyyə” sarayının memarı kimi məşhurlaşan İosif Ploşko əvəz edir. Bu memarların hər ikisi İ.Qoslavskinin planından kənara çıxmamaq və ya dəyişiklik etməmək üçün böyük takta malik idilər. Bununla belə, memarların hər biri individual yaradıcılıq xətti ilə seçilirdi və binanın tikinti prosesinə özləri bildiyi kimi yanaşırdılar. Bu da, sözsüz ki, layihə üzrə inşaat işlərinin tamamlanmasına öz təsirini göstərirdi.

Binanın interyerində istifadə olunacaq incə yapma işləri böyük ustalıq tələb edirdi. Bunun üçün müsabiqə elan edilmiş, üç şirkətin işləri təqdim olunmuşdu. Onların arasından fransız Franzinin usta Pojiltsov tərəfindən inşa edilmiş firmanın rəsm düzgünlüyü və zərifliyi ilə tələblərə cavab verirdi. Rəngsazlıq işləri “Florensia” şirkətinə həvalə edilmişdi. Bu şirkət binanın otaqlarında tavanın yapışqanlı boya və divar panellərinin yağlı boyanmasını həyata keçirmişdi.

Nəhayət, 27 sentyabr 1912-ci ildə bina tam təhvil verilir. 1939-1977-ci illərdə Bakı Şəhər Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsi, 1977-1991-ci illərdə Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi burada yerləşir. 1991-ci ildən isə Bakı Şəhər İcra Hakimiyyəti bu binada fəaliyyət göstərir.

Binada 2009-2010-cu illərdə əsaslı təmir işləri aparılıb və hər mərtəbədə sahəsi böyük olan otaqlar yüngül konstruksiyalı arakəsmələrlə bölünüb.