Dövlət Dram Teatrı

Abidənin adı:

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binası

Abidənin ünvanı:

AZ1009, Bakı şəhəri, Yasamal rayonu, Füzuli küçəsi-1

Abidənin əhəmiyyət dərəcəsi:

Ölkə əhəmiyyətli memarlıq abidəsi

İnventar:

175 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 40.375219

Y-koordinat: 49.831027

Abidənin tikinti tarixi:

Əsr: XX əsrin ortaları

Tikinti ili: 1950-ci il

Abidənin istifadəsi:

İlkin təyinatı üzrə istifadə olunur


Abidəyə dair tarixi məlumatlar: Görkəmli maarifçi Həsən bəy Zərdabi və Əsgər ağa Adıgözəlovun (Gorani) rəhbərliyi ilə Bakı realnı məktəbi şagirdlərinin 1873-cü il martın 10-da "Nəciblər klubu"nda Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" komediyasını tamaşaya qoyması ilə ölkəmizdə peşəkar milli teatrın əsası qoyulub. Əvvəllər müxtəlif truppalar şəklində "Nicat", "Səfa", "Həmiyyət" mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr dəstələrində, həmçinin "Müsəlman Dram Artistləri İttifaqı", "Hacıbəyov qardaşları müdiriyyəti" şəklində tamaşalar verən teatr 1919-cu ildən bu günədək dövlət teatrı statusu ilə fəaliyyət göstərib.

Teatr müxtəlif illərdə “Hökumət Teatrosu”, “Birləşmiş Dövlət Teatrosu”, “Azərbaycan Türk Dram Teatrosu” və s. adlandırılıb. Yüksək nailiyyətlərinə görə teatra 1959-cu ildə “akademik” statusu verilib. Sənət ocağı 1991-ci ildən “Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı” adlanır.

1940-1950-ci illərdə Azərbaycan Dövlət Dram Teatrının yeni binasının tikilməsinə böyük ehtiyac duyulurdu. Layihənin müəllifləri – istedadlı memarlar Q.Əlizadə və M.Mədətov öz yaradıcılıqlarında milli və klassik Qərb memarlığının elementlərindən istifadə ediblər. Teatr üçün yeni bina üçün nəzərdə tutulan ərazidəki (indiki Yasamal rayonu Füzuli küçəsi 1) birmərtəbəli binalar sökülür. Təməli 1954-cü il avqustun 27-də qoyulan bina 6 il müddətində tikilərək istifadəyə verilir.

1960-cı illərdə Bakıda görkəmli şair Məhəmməd Füzuliyə heykəl qoyulması ideyası ortaya çıxır. Hökumət şairin 400 illik yubileyi ərəfəsində monumental heykəlin layihəsinin hazırlanması barədə müsabiqə elan edir. Heykəltəraşlar Tokay Məmmədov və Ömər Eldarovun layihəsi birinci mükafata layiq görülür. Abidənin Azərbaycan Dövlət Akademik Dram Teatrının qarşısında qoyulması məqsədəuyğun sayılır. 1962-ci ildə bu məkanda şairin abidəsi (memar Hacı Muxtarov) ucaldılır.

2008-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında bərpa və rekonstruksiya işlərinə başlanılır. Fasad şüşəli vitrinlərlə daha da zənginləşdirilir. Altı məşhur Azərbaycan ədibinin büstləri bərpa olunaraq binanın fasadında əvvəlki yerlərinə yerləşdirilir. Həmçinin dekorasiyaların daşınması üçün xüsusi keçid, ikimərtəbəli əlavə bina və köməkçi otaqlar inşa olunaraq dülgər və tikiş sexləri buraya köçürülür. Tamaşaçı zalında müasir işıqlandırma sistemləri quraşdırılır, bütün kommunikasiya sistemləri yenilənir. Bərpa işləri 2011-ci ildə tamamlanır və həmin il martın 10-da binanın açılışı keçirilir.