Filarmoniya binası

Abidənin adı:

Azərbaycan Dövlət Filarmoniyasının binası

Abidənin ünvanı:

AZ1000, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 10

Abidənin əhəmiyyət dərəcəsi:

Ölkə əhəmiyyətli memarlıq abidəsi

İnventar:

143 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 40.364071

Y-koordinat: 49.831739

Abidənin tikinti tarixi:

Əsr: XX əsrin əvvəli

Tikinti ili: 1912-ci il

Abidənin istifadəsi:

Mədəniyyət müəssisəsi kimi istifadə olunur

Abidəyə dair tarixi məlumatlar: Bakı şəhərinin özünəməxsus memarlıq quruluşuna malik qocaman mədəniyyət ocaqlarından olan Azərbaycan Dövlət Filarmoniyası binasının maraqlı tarixçəsi var. “Filarmoniya” sözü yunan dilindən tərcümədə “musiqini sevmək” anlamına gəlir.

1907-ci ildə Bakı İctimai Məclisinin ağsaqqalları Şəhər Dumasına “Qubernator bağı”nda məclis üçün yay yığıncaq binasını tikməklə bağlı müraciət edirlər. Həmin günlərdə indiki "İçərişəhər" metro stansiyasının yaxınlığında taxtadan tikilmiş "Ağ klub" adlandırılan əyləncə məkanı yanğın nəticəsində tamamilə sıradan çıxır. “Ağ klub”un yanması nəzərdə tutulan yığıncaq binası məsələsini bir qədər tezləşdirir. Bakı Şəhər Duması tərəfindən yanğından bir neçə gün sonra – 1907-ci il martın 6-da keçirilən iclasda Mixaylovski (və ya Qubernator) bağında – Sadovı və Nikolayevski küçələrinin tinindəki təxminən 1700 kvadratmetr torpaq sahəsinin bu məqsədlə Bakı İctimai Məclisinə verilməsi haqqında qərar çıxarılır.

Bina 1910-1912-ci illərdə Avropanın “palladio” üslubunda inşa olunur. Sovet hakimiyyətinin ilk illərində bura pərakəndə şəkildə fəaliyyət göstərən musiqi kollektivləri, müxtəlif orkestr və ansambllar toplaşmağa başlayır. Lakin 1930-cu illərin əvvəllərində bina "Müdafiəyə, aviasiya və kimya tikintisinə yardım cəmiyyəti"nin istifadəsinə verilir və "Müdafiə evi" adlandırılır.

25 may 1936-cı ildə Bakı Sovetinin “İşçi-kəndli və matros deputatları qarşısında simfonik konsertlər idarəsi”nin bazasında filarmoniya təsis edilir. Bakı İctimai Məclisinin tikdirdiyi möhtəşəm bina filarmoniyaya verilir.

1936-1937-ci illərdə binada bərpa işləri aparılır. 1937-ci il avqust ayının 11-də Azərbaycan Dövlət Filarmoniyasına görkəmli bəstəkar, pedaqoq Müslüm Maqomayevin (1885-1937) adı verilir. Yarandığı ilk gündən filarmoniya respublikanın klassik musiqi sənətinin bir növ məbədinə çevrilir. Burada yalnız Azərbaycan deyil, digər respublikaların görkəmli mədəniyyət xadimləri, musiqi kollektivləri də çıxışlar edir.

2002-2004-cü illərdə binada növbəti təmir işləri aparılıb. Köhnə interyerlər qorunub saxlanılsa da, tikilinin rəng həlli dəyişdirilib, bir sıra yeni bəzək elementləri əlavə edilib. Daxili akustik qurğular, yeni havalandırma və istilik sistemləri quraşdırılıb. Binanın giriş köşkünün konstruksiyası dəyişdirilib, qüllələrin rotonda hissəsinin sütunları və fasadda olan vazalar möhkəmləndirilib. Eyni zamanda yay estradası və terrasın altındakı torpaq qatı çıxarılaraq əlavə iş otaqları yaradılıb.