İnzibati Bina YRİH
Abidənin adı: | İnzibati bina (Yasamal rayon İcra Hakimiyyətinin binası) |
Abidənin ünvanı: | AZ1009, Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi 12 |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 171 ( Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat: 40.380402 Y-koordinat: 49.830487
|
Abidənin tikinti tarixi: | Əsr: XX əsr Tikinti ili: 1910-1912-ci illər
|
Abidənin istifadəsi: | Sosial məqsədlər üçün istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: XIX əsrin sonlarından etibarən Azərbaycanda neft sənayesinin inkişafı ölkənin, xüsusilə də Bakı şəhərinin memarlığına mühüm təsir göstərirdi. Bu tərəqqi eyni zamanda zəngin sənayeçilərin yaranması ilə müşayiət olunurdu. Onlar da şəhərdə müxtəlif məqsədlər üçün memarlıq baxımından özünəməxsusluğu ilə seçilən binalar inşa etdirirdilər.
Belə imkanlı şəxslərdən biri də Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvü Kərbəlayı İsrafil Hacı Cəbrayil oğlu Hacıyevdir. Onun şəhərin Şamaxı küçəsi 12 ünvanında inşa olunan mülkü (hazırda Cəfər Cabbarlı küçəsi 12) paytaxtın gözəl memarlıq nümunələrindəndir.
Ölkə əhəmiyyətli memarlıq abidəsi olan bina polşalı memar İ. Ploşko tərəfindən layihələndirilib. İ. Ploşko fransız qotikası üslubunda olan "Murtuza Muxtarovun Sarayı"ndan sonra bu malikanənin (1910-1912) tikintisi üçün sifariş alır. Neft sənayesində olduğu kimi, tikintidə də rəqabət var idi və memarlar öz sifarişçilərinin sorğularını ödəyirdilər. Bina adi şəhər tikintisinə daxil edilsə də, lakin Avropa ölkələri ilə tanış olan iddialı sahibkar öz malikanəsinin memarlığına başqa cür münasibət tələb edirdi. Memar da bu sifarişə xüsusi diqqətlə yanaşaraq onu daha incə detallarla işləyib hazırlayırdı.
İ. Hacıyevin yaşayış evinin memarlığı bir növ Bakı moderninə himndir. Bakı moderninin fərqləndirici cizgisi əsasən fasadların tektonik strukturunu müəyyən edən fakturalı suvaq, müxtəlif çalarlı üzlük kərpic və mayolika plitələr kimi bəzək materialları deyil, yerli əhəngdaşının bütün konstruktiv və bədii xüsusiyyətlərindən istifadə edilməsidir.
Sovetlər dövründə binada Bakının Oktyabr (indiki Yasamal) Rayon Xalq Deputatları Soveti, müstəqillik illərində isə Yasamal Rayon İcra Hakimiyyəti yerləşib.
Yasamal Rayon İcra Hakimiyyəti bu ünvana köçürüldükdən sonra bina uzun zaman istifadəsiz qaldığından əsaslı təmirə ehtiyac yaranıb. Hazırda binanın birinci mərtəbəsində Yasamal Rayon İcra Hakimiyyətinin 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi yerləşir. Zirzəmi və ikinci mərtəbə isə istifadə olunmur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli qərarı ilə təsdiq edilmiş abidələrin siyahısında abidə 1915-ci il kimi qeyd edilsə də, binanın 1912-ci ildə inşa olunduğu biblioqrafik məlumatlarda qeyd olunur.