Kamera orqan zalı

Abidənin adı:

Kamera və orqan musiqisi zalı

Abidənin ünvanı:

AZ1001, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi 17

Abidənin əhəmiyyət dərəcəsi:

Ölkə əhəmiyyətli memarlıq abidəsi

İnventar:

112 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 40.223791

Y-koordinat: 49.505170

Abidənin tikinti tarixi:

Əsr: XIX əsr

Tikinti ili: 1895-1897-ci illər

Abidənin istifadəsi:

Mədəniyyət müəssisəsi kimi istifadə olunur


Abidəyə dair tarixi məlumatlar:
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalı (Lüteran kilsəsi) Bakının unikal memarlığa malik mədəniyyət ocaqlarındandır. Binanın maraqlı tikilmə tarixi var. Alman lüteranları XIX əsrdə Almaniyadan Rusiyaya, daha sonralar isə Azərbaycana, əsasən Şəmkir bölgəsinə köçürülüb. Bakıda məskunlaşan alman və İsveç əsilli insanların dini ibadəti üçün 1894-cü ildə memar Adolf Eyxler tərəfindən kirxa binasının layihəsi icma yığıncağında təsdiq edilir. 1896-cı ildə Rusiya imperiyasının Daxili İşlər Nazirliyi tərəfindən onun tikintisinə icazə verilir. Həmin ilin mart ayında Bakıda Evangelist-Lüteran kilsəsinin təməli qoyulur. Binanın tikintisi 1899-cu ildə başa çatdırılır.

İbadətgahın adı ilk olaraq "Xilaskar kilsə" kimi elan edilmişdi. Binanın memarlıq həllində Morburqdakı Müqəddəs Yelizavetta kilsəsinin üslubundan istifadə olunmuşdu.

Kirxanın bir qülləli vertikal kompozisiyası həyətin dərinliyində yerləşir. Dəqiq bölgülərinə, düzgün nisbətlərinə və dekorativ tərtibatda istifadə olunan qotik elementlərin uyğunluğuna görə bina çox ifadəli görünür. Dəqiq, azacıq önə çıxan xarakterik pilonlar xaçvarı işıqlanma ilə bəzədilmiş mailliyi olan dekorativ frontonla tamamlanan mərkəzi portalın əhəmiyyətini kölgədə qoyur.

Mənbələrdə binanın tikintisinə Nobel qardaşları ilə yanaşı, Bakı milyonçusu Ağa Musa Nağıyevin də diqqət göstərdiyi, dəstək verdiyi qeyd olunur. Kilsənin istifadəyə verilməsi mərasimində Bakı qubernatoru ilə yanaşı, Emmanuel Nobel də iştirak edib.

1900-cü ildə kilsədə orqan aləti quraşdırılır və həmin il burada ilk konsert təşkil olunur. Sovet dönəmində bir çox dini ibadət ocaqları kimi, bu kilsənin də fəaliyyəti dayandırılır, hətta bina sökülmək təhlükəsi ilə üzləşir. Sonrakı illərdə bina Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə Kamera və orqan musiqisi zalı adlandırılaraq Azərbaycan Dövlət Filarmoniyasının tabeliyinə verilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ildə binada əsaslı təmir və bərpa işləri aparılır. Xaricdən dəvət edilmiş mütəxəssislər tərəfindən orqan alətinin yeri dəyişdirilərək zalın mərkəzində yerləşdirilir.

Abidənin sol tərəfində yerləşən hissə nəfəs alətlərinin təmiri ilə əlaqədar emalatxana kimi istifadə edilib. Məbəddən soldakı kiçik katolik kilsəsi Almaniyanın Azərbaycandakı səfirliyi tərəfindən icarəyə götürülərək “Kapellhaus” adlandırılıb və hazırda Alman-Azərbaycan Birliyi tərəfindən istifadə edilir.