Opera Balet teatrı
Abidənin adı: | Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binası |
Abidənin ünvanı: | AZ1001, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 9 |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 111 ( Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat: 40.374771 Y-koordinat: 49.845358
|
Abidənin tikinti tarixi: | Əsr: XX əsr Tikinti ili: 1910-1911-ci illər
|
Abidənin istifadəsi: | Mədəni maarif müəssisəsi kimi istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Bakının memarlıq ansamblında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binası özünəməxsus yer tutur. Bu möhtəşəm binanın maraqlı tikilmə tarixçəsi var.
1910-cu ilin sonlarında Bakıya Rusiyadan məşhur bir opera müğənnisi qastrola gəlir. Onun üçün verilən ziyafətdə müğənni şəhərdə opera binasının olmamağından gileylənir: “Sizin bu gözəl, zəngin Bakıda, səxavətli cəngavərlər yaşayan dövlətli şəhərdə münasib bir opera binası yoxdur ki, müğənni istedadını, məharətini nümayiş etdirə bilsin”. Bu sözlər bakılı milyonçu Danil Mayılova bərk təsir edir və elə oradaca musiqiçi qonağa söz verir ki, bir il ərzində opera teatrı üçün gözəl bina tikdirəcək.
Bu cür təşəbbüsləri həmişə alqışlayan, dəstəkləyən milli mesenat, milyonçu Hacı Zeynalabdin Tağıyev bildirir ki, belə bir binanı bir ilə tikmək qeyri-mümkündür. Əgər bina deyilən vaxta başa gəlsə, bütün tikinti xərclərini ödəyəcək. Məşhur inşaatçı-mühəndis N.Q.Bayevin layihələndirdiyi indiki Nizami küçəsində yerləşən qotik üslubda bina vaxtından öncə – 1911-ci il fevralın 28-də təhvil verilir. H.Z. Tağıyev sözünün üstündə durur və binanın bütün xərcini özü ödəyir.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Birləşmiş Dövlət Teatrı kimi 1920-ci ildə yaradılıb. 1924-cü ildən opera truppası bu teatrdan ayrılaraq müstəqil Opera və Balet Teatrı (Azərbaycan və rus bölmələri ilə) fəaliyyət göstərib. 1928-ci ildə M.F.Axundzadənin adı verilən sənət məbədi 1959-cu ildən Akademik Opera və Balet Teatrı adlanır.
Müxtəlif dövrlərdə Opera və Balet Teatrının səhnəsində bir çox dünya şöhrətli sənətkarlar – Fyodr Şalyapin, Leonid Sobinov, Valeri Barsov, İrina Arxipova, Yelena Obraztsova, Mariya Bieşu, Maya Plisetskaya, Vyaçeslav Qordeyev, Zurab Sotkilava, Vladislav Pyavko, Monserrat Kabalye, Anastasiya Voloçkova, Svetlana Zaxarova və başqaları çıxış etmişlər. Bu gün də görkəmli səhnə ulduzlarının iştirakı ilə dünya baletinin məşhur nümunələri teatrda nümayiş etdirilir.
Hazırda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı paytaxtımızın aparıcı sənət ocaqlarındandır. Repertuarında milli, klassik opera və balet sənətinin dəyərli nümunələri yer alır. Teatrda opera truppası, simfonik orkestr, balet truppası və xor kollektivi fəaliyyət göstərir.
Teatrın binasında dəfələrlə bərpa işləri aparılıb. Sonuncu əsaslı bərpa işləri 1985-ci ildə yanğından sonra həyata keçirilib. Sonrakı illərdə də binada cari təmir işləri gerçəkləşdirilib.