Körpü
Abidənin adı: | “Körpü” |
Abidənin ünvanı: | Bərdə şəhəri, H. Əliyev prospekti |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli arxeoloji abidəsi |
İnventar: | 210-1 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 2.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat: 40.222834 Y-koordinat: 47.74185 |
Abidənin tikinti tarixi: | Vll - lX əsrlər |
Abidənin istifadəsi: | Nümayiş obyekti kimi istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Qədim tariximizin müxtəlif mərhələlərində silinməz iz qoyan Bərdə şəhəri zəngin keçmişini bir çox abidələri ilə günümüzə daşıyıb. Şəhər ərazisində qalıqları müasir dövrümüzə gəlib çatan abidələrdən biri də qədim körpüdür.
Mütəxəssislər körpünün inşasını VII-IX əsrlərə aid edirlər. Akademik Ziya Bünyadov araşdırmalarında şəhərin tarixən Tərtərçayın hər iki sahilində yerləşdiyini təsdiqləyir. 1902-ci ilin məlumatlarına görə, Tərtərçay yatağını üç dəfə dəyişib. Bunu çayın indiki vəziyyəti də göstərir. Hazırda Tərtərçayın quru yatağında körpünün qalıqları qalmaqdadır. Burada körpülər çayın müxtəlif istiqamətlərinə uyğun olaraq tikilib.
Tərtərçayın yatağında yerləşən və ölkə əhəmiyyətli arxeoloji abidə hesab edilən körpünün uzunluğu 120 metr, eni isə 4 metrdir. Körpünün özülü əsasən çay daşlarından, üst hissəsi isə qırmızı kərpicdən hörülüb. Əvvəllər yeddi dayaqdan ibarət olan tikilinin müəyyən hissələri təbii təsirlər nəticəsində dağıntıya məruz qalıb.
2013-cü ildə körpüdə tikinti-bərpa işləri aparılıb və ərazidə süni göl yaradılıb. Çayın üzərində tikilən asma körpü isə qədim körpüyə əlavə gözəllik bəxş edir. Körpünün ətrafında 47 hektar sahədə Heydər Əliyev adına park salınıb.