Qız qalası
Abidənin adı: | “Qız qalası” |
Abidənin ünvanı: | AZ3100, İsmayıllı rayonu, Xanagah kəndi |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 266 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat: 40.52357 Y-koordinat: 48.09209 |
Abidənin tikinti tarixi: | Əsr: VII əsr Tikinti ili: Məlum deyil |
Abidənin istifadəsi: | Nümayiş obyekti kimi istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Azərbaycan ərazisində “Qız qalası” adlandırılan çoxsaylı abidələrdən biri də İsmayıllı rayonunun Xanagah kəndindədir. Kəndin yaxınlığında, "İsmayıllı" dövlət yasaqlığının ərazisində yerləşən bu qülləli qalanın digər qız qalaları kimi müdafiə məqsədilə tikildiyi güman edilir.
VII əsrə aid edilən ölkə əhəmiyyətli memarlıq abidəsi olan qala Axox çayının sağ sahilində sərt yamaclar və sıldırım qayalarla əhatələnmiş dağın üstündə tikilmiş müdafiə istehkamıdır. Divarları daşdan hörülən tikilinin bəzi yerləri kərpiclə üzlənib. Ümumiyyətlə, abidənin inşasında daşdan və bişmiş kərpicdən, eləcə də kirəc məhlulundan istifadə olunub.
Abidənin şimal hissəsində sahəsi 300 kvadratmetr olan terrasda "iç qala"dan Talıstan kəndi yaxınlığında yerləşən Cavanşir qalasına yeraltı yolun olduğu güman edilir. Qalaya yolun bir hissəsini avtomobillə, təxminən bir kilometrini isə piyada getmək olar.
Abidənin ön istehkamın uzunluğu 28,6 metr, hündürlüyü 7,7 metrdir. Qalınlığı 1,8 metr olan bu sədd dərənin ağzını qapayırmış. Səddin ortasında üstü tağşəkilli darvaza yerləşirdi. Səddi keçdikdən sonra Qarasu dərəsi ilə şimala doğru qalxdıqca sağ tərəfdəki sıldırım qayalıqdakı boşluqları qapayan qala divarlarının qalıqları görünür. Abidənin şimal küncündən başlayaraq qala divarları həm şərq, həm də qərb yamacı boyunca uzanaraq onu dövrəyə alır.
Ümumi sahəsi 1,5 hektara yaxın olan qalanın planı mürəkkəb formalıdır. Sahəsi 300 kvadratmetr olan narınqala üst terrasda yerləşməklə hakim mövqeyə malikdir. O, qalanın şərq divarı ilə hüdudlanır, digər tərəflərdən isə sərt enişə ayrılır.