Sumuq qala

Abidənin adı:

Sumuq qala”

Abidənin ünvanı:

AZ3717, Qax rayonu İlisu kəndi, İlisu kəndinin “Bucaq məhəllə” adlanan ərazisində

Abidənin əhəmiyyət dərəcəsi:

Ölkə əhəmiyyətli memarlıq abidəsi

İnventar:

285 ( Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 41.275021

Y-koordinat: 47.3204

Abidənin tikinti tarixi:

Əsr: XVIII əsr
Tikinti ili: Məlum deyil

Abidənin istifadəsi:

Nümayiş obyekti kimi istifadə olunur

Abidəyə dair tarixi məlumatlar: “İlisu” Dövlət Tarix-Mədəniyyət Qoruğuna daxil olan ölkə əhəmiyyətli memarlıq abidələrindən biri də Sumuq qaladır. İnşa tarixi XVII-XVIII əsrlərə aid edilən qala müdafiə qülləsidir.

Sumuq qala İlisu kəndinin “Bucaq məhəllə” adlanan ərazisində, Kürmük çayının sol sahilində yerləşir. Qüllənin inşasında çay daşından, əhəng məhlulundan və bişmiş kərpicdən istifadə olunub.

Sumuq qala plan quruluşuna görə kvadrat (6,22x6,02m) biçimdədir. Dördmərtəbəli qüllənin iki mərtəbəsinin hər divarında bir pəncərə və iki mazğal qoyulub. Qüllənin 4-cü mərtəbəsi isə digər mərtəbələrdən fərqli olaraq daha iriölçülü pəncərələrlə əhatələnib.

Rəvayətə görə, qüllə Sumu və ya Ucmi xan adlı bir İlisu hakimi tərəfindən inşa olunub. İlk dövrdə sırf müdafiə qurğusu olan qüllə həm də yaşayış üçün istifadə edilib. İriölçülü pəncərə gözləri də bunu təsdiqləyir. Güman ki, Sumuq qala İlisu kəndi sultanlığın mərkəzinə çevrildikdən sonra tikilib. Qafqaz müharibələri dövründə belə müdafiə qüllələrinin hesabına yerli əhali düşmənə müqavimət göstərə bilib.

Hazırda Sumuq qala dövlət tərəfindən əsaslı şəkildə bərpa olunub. Bərpa zamanı onun torpaq altında qalan hissəsi təmizlənib, yarıuçmuş vəziyyətdə olan axırıncı mərtəbəsi və dam örtüyü təmir edilib. Sel sularından mühafizə məqsədilə qalanın ətrafında kanal qazılıb. Ətrafına çaylaq daşlarından salbənd döşənib. Sumuq qala ”İlisu” Dövlət tarix-mədəniyyət qoruğuna aid tarixi-memarlıq abidəsi kimi qorunur.