Türbə Həzrə kəndi
Abidənin adı: | "Türbə" |
Abidənin ünvanı: | AZ3612, Qəbələ rayonu, Həzrə kəndi, Qəbələ şəhər mərkəzindən 16 km uzaqlıqda |
Abidənin əhəmiyyət dərəcəsi: | Ölkə əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 294 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat: 40.544334 Y-koordinat: 47.574193 |
Abidənin tikinti tarixi: | Əsr: XVI əsr Tikinti ili: Məlum deyil |
Abidənin istifadəsi: | Nümayiş obyekti kimi istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Qəbələ rayonu həm də qədim türbələri ilə tanınır. Rayonun Həzrə kəndindəki türbələr kompleksinə daxil olan Şeyx Məhəmməd türbəsi kimi bu türbə də Şirvan-Abşeron memarlıq məktəbinin nümunəsinə aid edilir. İnşa olunma tarixi XVI əsri əhatə edən türbənin kimin xatirəsinə ucaldıldığı haqqında dəqiq məlumat yoxdur.
Günbəzlərin ətrafında olan XIV-XVI əsrlərə aid qəbiristanlığının sahəsi təqribən 3,5 hektara yaxındır. Burada 40-a qədər sənduqə mövcuddur. Onların ölçüləri fərqli olduğu kimi, dövrləri də müxtəlifdir. Daş abidələr qalın meşənin içərisində əfsanəvi muzeyi xatırladır. Daşların üzəri tamamilə naxış və yazılardan ibarətdir. Sənduqə formalı məzarüstü abidələr zərif işlənmiş nəbati-həndəsi naxışlar, süls-nəsx xətli kitabələr, sütunlar, tağçalar, prizmatik stalaktitlər, şəbəkələr və s. memarlıq ünsürləri ilə bəzədilib.
Tədqiqatlardan məlum olur ki, bu abidələr Şirvan-Abşeron memarlığı məktəbinə xas Şamaxı ustalarının işləridir. Türbələrdən birinin üzərində şamaxılı memarın adı var. Sənduqələrin üslubu, kitabələrin mətni və s. Şamaxı abidələrini, ələlxüsus Kalaxana kəndində vaxtilə mövcud olmuş abidələri xatırladır.
Həzrə kəndində belə zəngin abidələrə məxsus böyük qəbiristanlığın olması XIV-XVI əsrlərdə buranın mühüm iqtisadi-siyasi və ictimai əhəmiyyətə malik yaşayış məntəqəsi, yaxud şəhər olduğunu sübut edir. Bir qrup alimin uzun müddət Həzrədə yaşayıb fəaliyyət göstərmələri, özlərindən sonra onların abidələrinin ziyarətgah olaraq xalqın xatirəsində yaşaması da qeyd olunan mərkəzin mühüm sosial-mədəni əhəmiyyətindən danışmağa imkan verir.
Ölkə əhəmiyyətli abidə olan Həzrə türbələr kompleksi 2005-ci ildə bərpa olunub. Aparılmış bərpa işləri zamanı uzun illər abidənin daxilində və xaricində meydana gəlmiş dağıntılar və söküntülər tədqiq edilərək aradan qaldırılıb.