Lüteran kilsəsi
Abidənin adı: | “Lüteran kilsəsi” |
Abidənin ünvanı: | AZ 2500, Göygöl rayonu, S. Hacıyev küçəsi 39
|
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli memarlıq abidəsi
|
İnventar: | 4276 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat:
| X-koordinat: 40.351534 Y-koordinat: 46.19866
|
Abidənin tarixi:
| Əsr: XlX əsr Tikinti ili:1854-cü il |
Abidənin istifadəsi: | Nümayiş obyekti kimi istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Azərbaycanda alman lüteran kilsələrinin yaranmasının maraqlı tarixi var. Belə ki, 1817-1818-ci illərdə Almaniyanın Vürtemberq vilayətindən alman kəndliləri Rusiya çarı I Aleksandrın razılığı ilə Qafqaza köçürülərək Gürcüstan və Azərbaycan ərazilərində məskunlaşdırılıb. Bir ildən sonra – 1819-cu ildə ölkəmizdə Şvabiyadan gələnlərin inşa etdiyi ilk alman koloniyası kimi tanınan Yelenendorf (Helenendorf – bugünkü Göygöl şəhəri) yaradılıb. Şəhər Rusiya imperatoru I Pavelin və xanımı Mariya Fyodorovnanın qızı Yelena Pavlovnanın şərəfinə “Yelenendorf” adlandırılmışdı.
1938-ci ildə Yelenendorf şəhərinin adı “Xanlar” olaraq dəyişdirilir. 2008-ci ildə isə şəhərə “Göygöl” adı verilir.
Lüteran icması burada öz fəaliyyətinə yaşayış məskəninin yaradıldığı dövrdən başlayıb. İlk toplantıların yerli müəllim tərəfindən keçirilməsinə baxmayaraq, daha sonralar – 1832-ci ildə şəhərə Almaniyanın Hannover şəhərindən keşiş dəvət edilib. 1854-cü ildə kilsə binasının inşa edilməsi qərara alınıb. Kilsənin tikinti işləri üç il davam edib. Neoqotika üslubunda olan kirxa 10 mart 1857-ci ildə “Müqəddəs İohan kilsəsi” adına layiq görülüb və dindarların istifadəsinə verilib.
Qırmızı daşdan tikilən kilsənin bir saat qülləsi, 16 böyük, 2 balaca pəncərəsi, iki giriş qapısı var. Qapı və pəncərələri taxtadan olan binanın döşəməsi metlaxdır. Kilsənin tavanı taxtadan, dam örtüyü isə kirəmitdəndir. Tiklinin saat qülləsi işlək vəziyyətdədir. Göygöl rayonunda almanların dini mərkəzi olmuş kilsə hazırda regionun mühüm turizm obyektlərindən biridir.
Lüteran kilsəsində müxtəlif vaxtlarda hərbi hospital və idman məktəbi fəaliyyət göstərib. 2005-ci ildən Göygöl Rayon Tarix-Diyarşünaslıq Muzeyi bu binada yerləşir.
2008-ci ildə Yerli əhəmiyyətli memarlıq abidəsi olan bina Almaniya Texniki Əməkdaşlıq Təşkilatının dəstəyi ilə əsaslı bərpa edilib.