Ağcaqal qülləsi

Abidənin adı:

“Ağcaqala qülləsi”

Abidənin ünvanı:

AZ 5535, Şəki şəhəri, Aydınbulaq kəndi

Abidənin əhəmiyyət dərəcəsi:


Yerli əhəmiyyətli memarlıq abidəsi


İnventar:

6036 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 41.0101

Y-koordinat: 47.175311

Abidənin tikinti tarixi:

Əsr: Orta əsrlər

Tikinti tarixi: Məlum deyil

Abidənin istifadəsi:

Nümayiş obyekti kimi istifadə olunur


Abidəyə dair tarixi məlumatlar: Şəkinin Aydınbulaq kəndindəki Ağcaqala qülləsi Azərbaycan ərazisində mövcud olan müdafiə tikililərindəndir. Quruluşca Abşeron qəsrlərinin düzbucaqlı planlı qüllə tipinə – Böyük Mərdəkan və Ramana qəsrlərinin qüllələrinə bənzəyir.

Qüllənin həm divarları, həm də bürcləri yuxarıya doğru daralıb ensizləşir. El arasında bir neçə adı olan Aydınbulaq qülləsi ətrafında qapalı quruluşlu qala divarlarının olması da ehtimal edilir. Geniş düzənliyin ortasında yüksələn qüllə bu yerlərdən keçən karvan yolu üstündəki keşikçi qalasının son nişanəsidir.

Yerli əhəmiyyətli bu memarlıq abidəsinin üzərində heç bir qeyd olmadığı üçün onun tarixini təyin etmək çətindir. Lakin kompozisiya-planlaşdırmaya və eyni zamanda elementlərin konstruktiv xüsusiyyətlərinə görə XIII-XIV əsrlərin Abşerondakı müdafiə tikintiləri ilə, demək olar ki, eynidir.

Qüllə planda kvadrat formasındadır və çevrənin dörddə üç hissəsini təşkil edən küncləri dairələnmiş çıxıntılarla bərkidilib. Bürcün hər bir tərəfinin uzunluğu 8,8 metrdir. Şərq divarında qalmış yuvalara əsasən onun daxildən üç yarusa bölündüyü aşkar olunur, lakin onlardan heç biri qalmayıb. Divardakı yuvalar göstərir ki, konstruktiv olaraq onlar yastı ağac örtüklərdən ibarət imiş. Qalanın ən yuxarı örtüklərindən heç bir iz qalmadığı üçün onun haqqında mühakimə yürütmək mümkün deyil.

Yarıuçuq vəziyyətdə olan qüllənin hündürlüyü 10,5 metrdir. Birinci mərtəbənin hündürlüyü 4, ikinci mərtəbənin hündürlüyü 2,8, üçüncü mərtəbənin hündürlüyü isə 2,6 metrdir. Divarların qalınlığı aşağı hissədə (bünövrədə) 1,2 metr, yuxarı hissədə isə 0,8 metr təşkil edir. Qapı boşluğu abidənin şərq divarında yerləşir. Axırıncı mərtəbələrdə ensiz pəncərə boşluqları var.

Məlum olduğu kimi, Abşeron qalalarında su təchizatı istehkamın həyətində qazılmış quyular vasitəsilə həyata keçirilirdi. Bəzi yaruslarda divarın bütün qalınlığı boyunca kiçik deşiklər – vertikal kanallar keçirdi ki, bunun vasitəsilə də tullantı suyu bayıra çıxarılırdı. Lakin Aydınbulaq bürcünün divarlarında deşik və quyu aşkar edilməyib. Bu da onu göstərir ki, bürc müşahidə məntəqəsi vəzifəsini daşıyırmış.

Bürcün divarları çay daşları ilə tikilib və kobud yonulmuş daşlarla üzlənib. Abşeron qalalarında olduğu kimi, burada da divarların üz örtüyünün möhkəmliyini və monolitliyini təmin etmək üçün içəridən dikinə qoyulmuş böyük ölçülü daşlarla hörülüb. Qapıüstü örtükləri, mərtəbələrarası örtüklər və divarların bərkidilməsində arçan ağac növündən istifadə edilib.