Ərkivan qalası
Abidənin adı: | "Ərkivan qalası" |
Abidənin ünvanı: | AZ4419, Masallı rayonu, Ərkivan qəsəbəsi |
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 4856 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat: 39.13993 Y-koordinat: 48.372634 |
Abidənin tarixi: | Əsr: IX—X əsrlər Tikinti ili: Məlum deyil |
Abidənin istifadəsi: | Nümayiş obyekti kimi istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Ərkivan qalası Masallı şəhərindən 2 km qərbdə, Ərkivan qəsəbəsinin şimal hissəsində, Viləşçayın sağ sahilində təpəlik ərazidə yerləşir. Hazırda qalanın xarabalıqları mövcuddur.
Digər abidələr kimi Ərkivan qalası da müdafiə məqsədilə tikilib. Qalanın tikilmə tarixi ilə bağlı müxtəlif fikirlər var. Mənbələrdə abidənin gah V-VI əsrlərdə, gah VII əsrdə, gah da XVIII əsrdə inşa edildiyi qeyd olunur. Qalanın hətta XIX əsrdə tikilməsi ilə bağlı da mülahizələr irəli sürülür.
Rusiya ilə Səfəvi dövləti arasında imzalanmış 1723-cü il Peterburq müqaviləsinə əsasən, Azərbaycanın Xəzəryanı bölgələri, o cümlədən Talış mahalının da daxil olduğu Gilan əyaləti Rusiyanın əlinə keçib. Rusiya ələ keçirdiyi yerlərdə, həmçinin Talışda hərbi strateji əhəmiyyətə malik istehkamların tikintisini həyata keçirib. Belə qalalardan biri də ruslar tərəfindən 1722-1732-ci illər arasında Ərkivanda tikilib.
Ərkivan qalası haqqında Səidəli Kazımbəyoğlu tərəfindən 1869-cu ildə qələmə alınmış “Səidiyyə” kitabında deyilir: “Bu qala Mir Mustafa xanın bəxt ulduzu parlamamışdan əvvəl o mərhumun əmisi oğlanlarından olan Mir Əhməd xanın yaşayış məskəni olmuşdur. Bir zamanlar Mir Həsən xan həmin məkanda imarətlər tikdirmişdir, lakin sonralar bu tarixi-mədəniyyət abidələrini qədirbilməzlər dağıtmışlar. Amma qalanın üç tərəfində xəndəklərin izləri və qalıqları hələ də qalmaqdadır”.
Mir Mustafa xan 1786-1814-cü illərdə Talış xanlığını idarə edib. S.Kazımbəyoğlunun yazdıqlarına əsasən, qalanın XVIII əsrdə tikilməsi qənaətinə gəlmək olur.
Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” əsərində yazır: “Hicri 1227-ci (miladi 1812) ilin baharında naibüssəltənə Abbas Mirzənin əmri ilə farslar Lənkəranda, Ərkivanda və Astarada üç qala tikdilər və bu qalalara mühafizəçilər, topxana və azuqə təyin olundu, qalan qoşun isə geri qayıtdı”. Başqa mütəxəssislər tikilinin narın qala hissəsində istifadə olunan kərpiclərin min ildən artıq yaşı olduğunu qeyd edirlər.
Yerli əhəmiyyətli bu memarlıq abidəsi 1804-1813-cü illər birinci Rusiya-İran müharibəsinin əsas döyüş meydanlarından biri olub. Qala 1812-ci ilin dekabrında rus generalı P.S.Kotlyarevski tərəfindən tutulub. Buna görə də çar I Aleksandr ona 2 min çervon məbləğində mükafat verib. Böyük tarixi hadisələrin, müharibələrin şahidi olan Ərkivan qalasının əvvəlki əzəmətindən əsər-əlamət qalmayıb.