Gümrüx kilsəsi

Abidənin adı:

“Gumrux kilsəsi”

Abidənin ünvanı:

AZ3423, Qax rayonu, Əmbərçay kəndi

Abidənin əhəmiyyət dərəcəsi:

Yerli əhəmiyyətli memarlıq abidəsi

İnventar:

4581 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X- Koordinat: 41.232025

Y- Koordinat: 46.551592

Abidənin tarixi:

Əsr: XVIII əsr
Tikinti ili: Məlum deyil

Abidənin istifadəsi:

Nümayiş obyekti kimi istifadə olunur


Abidəyə dair tarixi məlumatlar: Gumrux məbədi Qax rayonunun Əmbərçay kəndi yaxınlığında yerləşir. Arxeoloji qazıntılar zamanı müəyyən edilib ki, Gumrux məbədi ərazidə vaxtilə mövcud olmuş qədim alban məbədinin (I-III əsr) qalıqları üzərində tikilib.

İlisu Sultanlığını işğal edən çar Rusiyası xristianlığı yaymaq üçün qədim məbədin üzərində yeni kilsə inşa olunmasına qərar verib. İnşa tarixi 1873-cü ilə aid edilən bina gürcü mitropolitinin təklif və təkidləri ilə tikilib. Vaxtilə burada mövcud olmuş alban məbədindən və monastırından isə torpaq altından aşkara çıxarılmış tikinti qalıqları var.

Kilsə qırmızı kərpicdən inşa edilib. Zəng yeri dairəvidir və dar pəncərələr qoyulub. Zəng yerinin üzəri konusşəkilli damla örtülüb və damın üstündə xaç yerləşdirilib. 2006-cı ilin sentyabrında məbədin cənub ərazisində aparılan arxeoloji qazıntılar zamanı məbədin mərhələli şəkildə dörd dəfə müxtəlif əsrlərdə yenidənqurma-bərpa işlərinə məruz qaldığı məlum olub. Bununla da məbədin gürcü və ya ermənilərə deyil, ilkin çağlarda alban kilsəsinə aid olduğu sübuta yetirilib.

Ənənəvi olaraq Gumrux məbədində ildə iki dəfə - may və noyabr aylarında «Gumrux oba bayramı» və ya gürcülərin təbirincə desək, «Müqəddəs Georgi Günü» qeyd olunur. Həmin gün məbəd adi günlərdə olduğu kimi qapılarını hamının, eləcə də ölkədəki azsaylı və qonşu xalqların üzünə açır. Məbədə gələn insanlar burada Allaha sitayiş və dua etməklə bərabər, məbədin ərazisindəki qədim daşın üzərinə arzu və istəklərini söyləyərək şam yandırırlar. Bu daş üstündə əvvəllər məbəd ucaldılmış qaya parçasıdır. Niyyəti hasil olan insanlar isə müqəddəs sayılan daşın yaxınlığında qurban kəsirlər.

2003-cü ildə yerli əhəmiyyətli memarlıq abidəsi olan Gumrux məbədində Mədəniyyət Nazirliyi tərəfindən əsaslı təmir işləri aparılıb.