Körpü

Abidənin adı:

"Körpü"

Abidənin ünvanı:

AZ2714, Quba şəhəri, Qudyalçay üzərində

Abidənin əhəmiyyət dərəcəsi:

Yerli əhəmiyyətli memarlıq abidəsi

İnventar:

4598 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür)

Kartoqrafik təqdimat:

X-koordinat: 41.21566

Y-koordinat: 48.30195

Abidənin tarixi:

Əsr: XIX əsr

Tikinti ili: 1851-ci ildə

Abidənin istifadəsi:

İlkin təyinatı üzrə istifadə olunur

Abidəyə dair tarixi məlumatlar: Quba bölgəsinin yerli əhəmiyyətli memarlıq abidələrindən biri də Quba şəhərindəki Tağlı körpü və ya Qudyalçay körpüsüdür. Bu körpü keçmiş mühəndis tikililərindən dövrümüzə qədər qorunub saxlanılan abidələr içərisində mühüm tarixi-memarlıq əhəmiyyətinə malikdir.

Mənbələrdə XIX əsrdə Quba qəzasında yeddi körpünün mövcud olduğu qeyd edilir. Amma onlardan yalnız Tağlı körpü günümüzə qədər qorunub saxlanılıb. Körpünün salınması zərurəti XVIII əsrin sonu və XIX əsrin əvvəllərində yaranıb. Körpü çar III Aleksandrın əmri ilə Rusiyasının Qafqazdakı hərbi mövcudluğunu gücləndirmək məqsədilə inşa edilib. 1851-ci ildə Qudyalçayda dirəklər üzərində tikilən taxta körpünün ömrü uzun olmayıb. Bu səbəbdən onun yerində yeni körpü salmaq zərurəti yaranıb. Yeni körpünün tikintisinə 1894-cü ildə başlanılıb. Körpünün inşasında bişmiş kərpicdən və təmiz yonulmuş əhəngdaşından istifadə olunub.

Əvvəlcə körpünün 19 dayaq üzərində inşa olunması nəzərdə tutulsa da, tikinti zamanı aşırımlar ixtisar edilmiş və o, 14 daş dayaq üzərində qurulub. Yarımdairəvi biçimli tağlar sistemi bişmiş kərpicdən hörülüb və bir-birindən 11,1 metr aralı olan dayaqlara söykənir. Körpünün tağları altından hər iki sahildəki yaşayış məntəqələrinin ecazkar mənzərəsi açılır. Körpünün 70 sm enində tağı əsas kərpic hörgüsü ilə birlikdə inşa edilib. Tağ dayaqlar üzərində dayanan körpünün bünövrəsi yaxşı yonulmuş daşlardan hörülüb.

Körpünün uzunluğu 160, eni 7,6 metr, bünövrədən hündürlüyü isə 7,39 metrdir. Körpüdəki tağların sayı 14, dayaqların sayı isə 15-dir.