Cümə məscidi
Abidənin adı: | “Cümə məscidi” |
Abidənin ünvanı: | AZ6212, Zaqatala rayonu, I Tala kəndi |
Abidənin əhəmiyyət dərəcəsi: | Yerli əhəmiyyətli memarlıq abidəsi |
İnventar: | 5214 (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli, 02.08.2001-ci il tarixli Qərarı ilə dövlət qeydiyyatına götürülmüşdür) |
Kartoqrafik təqdimat: | X-koordinat: 41.365777 Y-koordinat: 46.391356 |
Abidənin tikinti tarixi: | Əsr: XIX əsrin əvvəlləri Tikinti ili: 1901-cı il |
Abidənin istifadəsi: | İlkin təyinatı üzrə istifadə olunur |
Abidəyə dair tarixi məlumatlar: Zaqatala rayonu qədim abidələrlə zəngindir. Onlardan biri də rayonun I Tala kəndində yaşı bir əsri ötmüş yerli əhəmiyyətli memarlıq abidəsi olan Cümə məscididir.
Qeyd edək ki, I Tala kəndi Qax-Zaqatala yolunun kənarında, rayon mərkəzindən 1 km məsafədə yerləşir. “Tala” sözü meşə kənarında yerləşən açıq sahə mənasını verir. Kənd dağətəyi və çay kənarı boyu salınıb. Hazırda kəndi böyüyərək, demək olar ki, Zaqatala şəhəri ilə birləşib.
Məscidin tikintisinə 1901-ci ildə bölgənin məşhur din xadimi Şeyx Əhməd Əfəndinin təşəbbüsü ilə başlanılıb. Məscidin inşasında Zaqatalada yaşayan bölgə əhalisi fəal iştirak edib. Xalq arasında deyilənlərə görə, Şeyx Əhməd Əfəndi Türkiyəyə tez-tez səfər etdiyinə görə məscidin layihəsini İstanbuldan gətirib. Maddi vəsait çatışmadığından məscidin minarəsi yarımçıq qalıb, tikintisi uzun müddətdən sonra – 1990-cı illərdə davam etdirilib.
Məscidin paslanmayan dəmirdən olan dam örtüyü milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tərəfindən hədiyyə edilib. Sovetlər dövründə hökumətin göstərişi ilə digər məscidlər kimi bu ibadət ocağı da bağlanıb. Lakin 1944-cü ildə xüsusi razılıq əsasında ibadət yeri kimi fəaliyyətini bərpa edib.
Hazırda məscid ilkin təyinatına görə istifadə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahıda abidənin aid olduğu dövr XIX əsr qeyd olunsa da, mənbələr üzrə araşdırmalar abidənin XX əsr (1903-cü il) tikilisi olduğunu göstərir.
Məscid binasının həyətinin şimal tərəfində yardımçı tikililər inşa olunub. Bölgədə baş vermiş güclü zəlzələdən sonra ibadət zalının divarlarında çatlar əmələ gəlib.
Məscidin bərpa layihəsi hazırlansa da, istehsalat işləri aparılmayıb. Məscidin ibadət zalının qızdırılması üçün döşəmədə isitmə sistemi quraşdırılıb. Açıq eyvanın qərb tərəfində qadınlar üçün ikimərtəbəli tədris məqsədilə otaqlar inşa olunub.